Azərbaycanda həkim-mütəxəssislərin rezidenturada hazırlığına 2011-ci ildən başlanılıb. Rezidentlərin hazırlığı təhsil proqramları əsasında 40 ixtisas üzrə 2 ildən 5 ilədək müddətdə aparılır. 2011-ci ildən etibarən 2419 nəfər rezidenturaya qəbul olunub. Hazırda 1874 nəfər rezidenturada təhsil alır.
Bu faktlar mayın 18-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ”Rezidentura təhsili, problemlər, nailiyyətlər və inkişaf prioritetləri” mövzusunda keçirilən “dəyirmi masa”da səsləndirilib.
Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova bildirib ki, rezidenturanı bitirən həkim-mütəxəssislərin ilk buraxılışı ikiillik təhsil üzrə 2013-cü ildə olub. Onun sözlərinə görə, indiyədək Azərbaycanda 27 ixtisas üzrə 275 nəfər rezidenturanı uğurla bitirərək “həkim-mütəxəssis” ali peşə ixtisas dərəcəsi alıb. 2013-2014-cü tədris ilindən başlayaraq müxtəlif ixtisaslar üzrə 150-yə yaxın rezident Səhiyyə Nazirliyinin göndərişi ilə rezidentura hazırlığının 1 aydan 3 ayadək hissəsini Türkiyə və Almaniyanın qabaqcıl klinikalarında keçib.
azertag.az