Yaponiya mətbuatı Okinava prefekturası nümayəndə heyətinin Azərbaycana səfərindən yazıb
19.5.2016

Yaponiyanın Okinava prefekturasının Myakocima şəhərinin mətbu orqanı olan “Miyakomainiçi” qəzeti həmin prefekturanın nümayəndə heyətinin aprelin ortalarında Azərbaycana, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfəri barədə məqalələr dərc edib.

Məqalələrdə dostluq və əmkdaşlıq münasibətlərinin qurulması məqsədilə həyata keçirilən səfərin çox uğurlu alındığı, nümayənəd heyətinin Azərbaycanda səmimi qonaqpərvərlik və böyük hörmətlə qarşılandığı, aparılan müzakirələrin hər iki tərəf üçün çox maraqlı olduğu xüsusi vurğulanır.

Bildirilir ki, “Cross Border Club”ın prezidenti Kazuyasu İşidanın təşkilatçılığı ilə aprelin 9-dan 14-dək keçirilən səfərdə Okinava prefekturası parlamentinin sədri, Miyakocima şəhərinin deputatları və iş adamlarından ibarət 42 nəfərlik qrup iştirak edib.

Məqalələrdə ölkəmizin tarixi, qədim və zəngin mədəniyyəti, turizm imkanları, son illər əldə etdiyi böyük iqtisadi uğurlar və modern inkişafı barədə yapon oxuculara geniş məlumat verilir. Bildirlir ki, müstəqilliyini cəmi 25 il əvvəl əldə etməsinə və işğalçı Ermənistan tərəfindən ədalətsiz müharibəyə cəlb edilməsinə baxmayaraq, mövcud təbii ehtiyatlardan bacarıqla istifadə edən Azərbaycan rəhbərliyi böyük uğurlar qazanıb. Karbohidrogen ehtiyatlarından əldə edilən gəlir nəticəsində yalnız paytaxt Bakı deyil, regionlar da müasir inkişaf səviyyəsi ilə fərqlənir. Qeyd olunur ki, Azərbaycanda Yaponiyaya böyük sevgi və maraq var.

Ölkəmizin beynəlxalq tədbirlərin, idman yarışlarının, mədəni müsabiqələrin keçirildiyi məkana çevrildiyi xüsusi qeyd edilir. “Bakı-2015” ilk Avropa Oyunları, gələn ay keçiriləcək “Formula-1” Qran-pri yarışlarına hazırlıq barədə ətraflı məlumatlar yapon oxucuların diqqətinə çatdırılır. Ölkəyə gəliş-gedişin asanlaşdırılması məqsədilə fevraldan tətbiq olunan yeniliklərin Azərbaycanı görmək istəyən turistlər üçün çox rahat şərait yaratdığı qeyd edilir.

Birinci məqalədə, əsasən nümayəndə heyətinin Bakıda - Prezident Administrasiyasında və AZPROMO-da keçirdiyi görüşlər, iki ölkə arasında turizm və enerji sahəsində əməkdaşlıqla bağlı aparıldığı müzakirələr barədə məlumat verilir. Azərbaycan mətbuatının Yaponiya nümayəndə heyətinin səfərinə böyük maraq göstərdiyi, səfərlə bağlı xüsusi materialların və müsahibələrin hazırlandığı bildirilir.

Növbəti məqalədə isə nümayəndə heyətinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfəri, burada keçirilən görüşlər barədə məlumat verilir. Qeyd edilir ki, nümayəndə heyətinin Naxçıvana səfəri də çox maraqlı və faydalı olub. Azərbaycanın bu qədim tarixə, zəngin mədəniyyətə və müasir inkişafa malik hissəsi öz uğurları ilə yapon qonaqları heyran qoyub. Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvan sürətli inkişafına görə dünyanın ən qabaqcıl regionları ilə müqayisə oluna bilər. Səfərin məqsədinin Azərbaycan və Yaponiyanın regionları arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olduğunun xüsusi vurğulandığı məqalədə bildirilir ki, Okinava prefekturasının və Miyakocima şəhərinin rəhbərliyi Naxçıvan Muxtar Respublikası və onun paytaxtı Naxçıvan şəhəri ilə əməkdaşlığın hər iki tərəf üçün çox faydalı olacağına əmindir.

Məqalədə gözəl və ecazkar şəhər olan Naxçıvanla Okinavanın turizm mərkəzi kimi tanınan Miyakocima şəhəri arasında qardaşlaşma haqqında saziş layihəsinin müzakirələrinin aparıldığı yapon oxucuların diqqətinə çatdırlır. Bildirilir ki, zəngin təbii ehtiyatlara, füsunkar təbiətə və müasir inkişafa malik olan Naxçıvanla Miyakocimanın qardaşlaşması Azərbaycan və yapon xalqları araında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfələr verəcək.

azertag.az