“Dəlinin qeydləri” Moskvaya gedir
19.5.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti səfərə hazırlaşır. Mayın 21-də yola düşəcək heyət Moskva vilayətinin Lobnya şəhərində keçirilən “Rus klassikası” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib ki, mayın 29-dək davam edəcək festivalda ölkəmizi Əməkdar Artist Şövqi Hüseynov N.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Festivalda ölkəmizlə yanaşı, Almaniya (“Nina, ili o xrupkosti çayek”), ABŞ (“Vasili + Federiko”), İspaniya (“V Parije”), İsrail (“Peter@burq”) və Rusiyanın (“Posledniy srok”), (“Moskva – petuşki. Poema”), (“Peçorin”) müxtəlif şəhərlərindən olan nüfuzlu teatr kollektivlərinin tamaşaları nümayiş etdiriləcək. Məlumat üçün bildirək ki, 1995-ci ildən keçirilən festivalın əsas məqsədi zəngin irsə malik klassik rus ədəbiyyatı, musiqi və xoreoqrafiyasını əhatə edən rus teatr incəsənətinə gənc auditoriyanın marağını daha da artırmaq, uşaqların tərbiyə olunması və inkişafında yeni teatr metodlarından geniş istifadə etməkdir.

azertag.az