Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq Artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunmuşdur. Tamaşanı Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppası təqdim etmişdir. Tamaşanın dirijoru Pavel Kliniçev, quruluşçu xoreoqrafı Rusiyanın Əməkdar İncəsənət Xadimi Nadejda Malıgina, quruluşçu rəssamı Rusiyanın Əməkdar Rəssamı, SSRİ dövlət mükafatı laureatı İqor İvanovdur.
“Eşq və ölüm” baletini ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vəkil Usmanov səhnələşdirmişdir.
2010-cu ildə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmuş və premyerası müvəffəqiyyətlə keçmişdir.
Cari ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində və Ankarada nümayiş etdirmişdir.
Tamaşalar anşlaqla keçmiş, Türkiyə və Rusiya KİV-lərində müsbət rəy qazanmışdır.
Baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münxen opera sənəti festivalında bu tədbirin musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur. Hər dəfə də bu musiqinin ifası alman tamaşaçıları tərəfindən sürəkli alqışlarla qarşılanır.