Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı tarix açıqlanıb
19.5.2016

"Mayın sonu-iyunun əvvəlində ilkin modelin layihəsi ölkə rəhbərliyinə təqdim ediləcək".
"İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı aidiyyəti üzrə dövlət qurumları ilə müzakirələr aparılıb və işlər yekunlaşmaq üzrədir. Mayın sonu-iyunun əvvəlində ilkin modelin layihəsi ölkə rəhbərliyinə təqdim ediləcək. Model təsdiqləndikdən sonra növbəti addımların nədən ibarət olacağını biləcəyik".
Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) Agentliyinin direktoru Zaur Əliyev jurnalistlər üçün keçirilən "İcbari tibbi sığortanın tətbiqi üzrə media nümayəndələrinin biliklərinin artırılması" mövzusunda təlimdə deyib.

Z.Əliyev vurğulayıb ki, 2017-ci ildə icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirilməsi planlaşdırılır: "Hansı rayonların seçilməsi və işin necə qurulması yaxın gələcəkdə məlum olacaq. Pilot layihə tam başlayandan sonra təxminən 6-9 ay davam edəcək. Nəticələrə baxıb səhvlərin nədən ibarət olduğunu müəyyənləşdirəcəyik. Bundan sonra bu işin ölkə üzrə icrasına başlayacağıq. Çox güman ki, 2018-ci ildən Azərbaycan əhalisinin geniş şəkildə sığortalanmasına başlanılacaq. Modelimiz ilk növbətə vətəndaşların maraqlarına xidmət etməlidir: Gecikmənin obyektiv və subyektiv səbəbləri olub. Ancaq biz gələcəyə baxsaq daha yaxşı olar".

report.az