“Region gənclərinin əməkdaşlığı forumu” layihəsinə start verilib
20.5.2016

“İrəli” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə iyunun 24-dən 27-dək Gəncədə Region gənclərinin əməkdaşlıq forumu keçiriləcək. Forum Gəncə Şəhər İcra Hakimiyyətinin və “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin dəstəyi ilə təşkil olunacaq.

Birlikdən bildiriblər ki, məqsəd “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində regionlarda istifadəyə verilən Gənclər evləri və mərkəzlərində gənclərin inkişafına təkan vermək üçün onların birgə fəaliyyətlərini stimullaşdırmaqdır. Forumda 15 bölgədən 60–dək gəncin iştirakı nəzərdə tutulub.

Forum çərçivəsində gənclər yaşadıqları bölgələrdə regional inkişaf üçün xüsusi tədbirlərin keçirilməsində yaxından iştirak imkanı qazanacaqlar. Həmçinin qarşılıqlı mübadilənin aparılması üçün regionlar arasında əlaqələndirmə platformalarının yaradılması və mütəmadi məlumatlandırma proqramlarının hazırlanması nəzərdə tutulub.

azertag.az