Yazıçı-publisist Günel Anarqızının “Seçilənlər” kitabı dünya şöhrətli insanlar haqqında maraqlı yazılarla zəngindir. Kitabda tanınmış yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıqzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esselər, unudulmaz şairlərimiz Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bünyadov, Şən və Hazırcavablar Klubunun kapitanı Anar Məmmədxanov, gözəl pianoçu Elmira Səfərova, eləcə də adlarını mədəniyyət tarixinə qızıl hərflərlə həkk etmiş onlarla digər böyük sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb.
Ümumiyyətlə, kitaba müəllifin 15 il ərzində (2001-2016) qələmə aldığı müxtəlif səpkili yazıları - müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir. Bu yazıların əksəriyyəti müxtəlif vaxtlarda Günel Anarqızının yaradıcısı və baş redaktoru olduğu ANS-pressin “El”, Mədəniyyət və Turizm Nazirliyinin “Pəncərə (mədəniyyətə baxış)”, Diasporla İş üzrə Dövlət Komitəsinin “Ölkəm” jurnallarında, eləcə də başqa mətbu orqanlarda dərc edilib.
Kitabda təsadüfi yazı yoxdur və onların hamısını milli dəyərlərimizin təbliği kimi nəcib qayə və amal birləşdirir.
Bu fikirlər mayın 19-da Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist Günel Anarqızının “Seçilənlər” kitabının təqdimat mərasimində səsləndirilib. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub.
Gecədə müəllifin atası, Xalq Yazıçısı Anar mədəniyyət aləmində bayağılaşmanın baş alıb getdiyi bir dövrdə belə bir kitabın nəşrinin önəmini vurğulayıb, onun dəyərli və zamanında işıq üzü görmüş bir kitab olduğunu söyləyib. Bildirib ki, kitabda seçilmiş insanlarla söhbətlər, bəlkə də onların heç kəsə demədikləri ürək sözləri əksini tapıb. Xalq Yazıçısı kitabı vərəqlədikcə fərəh hissi keçirdiyini söyləyib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə kitabı böyük maraq və həyəcanla oxuduğunu dilə gətirərək deyib ki, “Seçilənlər” hamımızın tanıdığı görkəmli insanların düşüncə, fikir və duyğularını əks etdirməklə onlar haqqında gözəl təəssüratlar yaradır. Müəllif kitabda müsahibələri yer alan insanlarla səmimi söhbətlər edib və bu da nəşrin dəyərini daha da artırır.
Firəngiz Əlizadə Günel Anarqızının gözəl bir ailənin, ziyalı ocağının yetirməsi olduğunu vurğulayaraq, onun istedadı ilə özünü təsdiqlədiyini söyləyib və müəllifə uğurlar arzulayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov öz fəlsəfəsi, özünəməxsus dili olan Günel Anarqızını dəyərli kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.
Təqdimat mərasimində kitabda müsahibə və söhbətləri yer alan xalq artistləri Fidan və Xuraman Qasımovalar, Əməkdar Artist Fərqanə Qasımova, Xalq Artisti, pianoçu Murad Hüseynov, Əməkdar Artist Mehriban Zəki, vokal instrumental “Qaya” qrupunun üzvləri və digər tanınmış sənətkarlar çıxış ediblər.
Tədbir üçün seçilən gün də təsadüfi deyildi. Mayın 19-u Xalq Şairi Rəsul Rzanın doğum günüdür. Təqdimat mərasimini də, burada səslənən şeir və musiqini də onun ruhuna ehtiram əlaməti kimi qəbul etmək olar.
Mərasimə toplaşanlara minnətdarlıq edən müəllif bildirib ki, “Seçilənlər” kitabı onun oxucular qarşısında bir növ hesabatıdır. Bir sıra yazılar mətbuatda dərc olunmasından uzun illər keçməsinə baxmayaraq, onlar hələ də aktuallığını itirməyib.
Günel Anarqızı “Seçilənlər”in nəşrinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirərək kitabın geniş oxucu kütləsinin diqqətini cəlb edəcəyinə ümidvar olduğunu söyləyib.
Qeyd edək ki, mədəniyyətin müxtəlif sahələrini, eləcə də Azərbaycan diasporunun fəaliyyətini əhatə edən və doqquz bölmədən ibarət kitabda, ümumilikdə, 50-dən çox maraqlı müsahibə, esse, səyahət qeydləri, xatirə və ithaflar toplanıb.
azertag.az