Azərbaycan Dövlət Pantomima Teatrı Tbilisidə keçiriləcək Beynəlxalq Pantomima Teatrı Festivalında iştirak edəcək. Mayın 20-dən 24-dək davam edəcək festival Gürcüstan Dövlət Pantomima Teatrının yaranmasının 50 illiyinə həsr edilib.
Pantomima Teatrının direktoru Elman Rəfiyev bildirib ki, festivalda teatrın kollektivi ölkəmizi Xalq Artisti Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin “Son ştrix” tamaşası ilə təmsil edəcək. Tamaşada Əməkdar Artist Elman Rəfiyev, aktyorlar Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Elnur İsmayılov, Nurlan Rüstəmov və Rafiz Mehdizadə çıxış edəcək.
Festivalda Azərbaycan teatrı ilə yanaşı, Polşa, Yaponiya və Gürcüstan Dövlət Pantomima teatrlarının tamaşaları nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan Pantomima teatrları dünyada dövlət statusuna malik teatrlardır. Bu iki teatrın əməkdaşlığı 1996-cı ildən başlayıb.
azertag.az