İranlı zəka sahibi: Naxçıvanda şahmatçılar üçün çox gözəl şərait yaradılıb
20.5.2016

Naxçıvan hər bir şahmatçı üçün ideal məkandır. Çünki burada şahmatçılar üçün çox gözəl şərait yaradılıb. Bu şəraitə görə şahmatçı yoldaşlarım adından təşkilatçılara minnətdarlığımı bildirirəm.

Bu sözləri “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının iştirakçısı iranlı qrossmeyster Omid Noroozi müsahibəsində deyib.

Omid Noroozi bildirib ki, bu, onun Naxçıvana ilk gəlişidir. Naxçıvanda şahmata böyük maraq var və festival yüksək səviyyədə keçirildi. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrindən gücünü sınamaq üçün buraya gələn şahmatçılar razılıq edirlər.

İranlı şahmatçı deyib: “Festivala dəvət alanda çox sevindim. Çünki bununla yeni dostlar qazanmaq, Naxçıvanı tanımaq imkanı əldə edəcəkdim. Muxtar respublika bu festivalla dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya toplayıb. Məncə, bu, böyük nailiyyətdir. Naxçıvanın bizi qonaqpərvərliklə qarşılamasından da çox məmnunuq. Naxçıvan şəhərinə gəldikdə isə deyə bilərəm ki, bura çox gözəl, cəlbedici və müasir məkandır. Burada sabitlik, əmin-amanlıq hökm sürür. Bu, inkişafın göstəricisidir”.

azertag.az