Mayın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və yeni növlərin yaradılması” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirdə mərkəzin direktoru Asif Usubəliyev, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov çıxış edərək təkmilləşdirilmiş musiqi alətləri və yeni növlərin yaradılması barədə məlumat verib, onların gələcək nəslə ötürülməsinin əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, seminarın əsas məqsədi milli musiqi alətlərinin təbliği, onların təkmilləşdirilməsi, yeni növlərin yaradılması istiqamətində respublikada aparılan elmi-praktik işlərin ictimaiyyətə çatdırılması və yeni yaradılmış milli musiqi alətlərinin təqdimatından ibarətdir.
Seminarda “Ay ulduz”, “Qarabağ kamanı”, “Yaylı qopuz”, “Kontur tar”, “Azərbaycan” elektromusiqi aləti, ”Sevgililər” qoşa qollu ud və digər təkmilləşdirilmiş və yeni yaradılmış milli musiqi alətlərindən ibarət slaydlar nümayiş olunub.
Sonda musiqi kompozisiyaları təqdim edilib.
azertag.az