Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərin Yeni Qızılca ərazisində “Tarixin canlı səhifələri” IV Gənclər Festivalı keçirilib.
Festivalda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xüsusi meydanda təşkil olunan orta əsrlər bazarı ilə tanış olublar. Sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə” poemasının motivləri əsasında hazırlanan kiçik səhnə tamaşaları nümayiş etdirilib.
Daha sonra tarixi rekonstruksiya formatında hazırlanmış “Tarixin canlı səhifələri” festivalının açılışı olub. Festival üçün xüsusi hazırlanan kütləvi tamaşada 400 aktyor, tələbə və idmançının iştirakı ilə Azərbaycan tarixinin müxtəlif dövrləri canlandırılıb, Babək, Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Cavad xan kimi tarixi şəxsiyyətlərin Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətləri, onların keçdiyi mübarizələrlə zəngin qəhrəmanlıq yolu, şücaətləri göz önünə gətirilib.
İki saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiyalar və səhnə, iştirakçıların bir-birini əvəz edən oyunları tamaşaçıları bir daha Azərbaycanın şanlı keçmişinə səyahətə aparıb.
Festival atəşfəşanlıqla başa çatıb.
report.az