"İSO 9001/2015: "Keyfiyyətin idarə edilməsi"nə dair təlim kursu başa çatıb
23.5.2016

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İSO 9001/2015: "Keyfiyyətin idarə edilməsi" mövzusunda təlim kursu başa çatıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsi çərçivəsində aprelin 27-dən etibarən keçirilən təlimdə sənayenin qida, mebel, yüngül və tikinti sahələrində fəaliyyət göstərən yerli müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları məhsulun keyfiyyəti, rəqabətqabiliyyətliliyin yüksəldilməsində keyfiyyətin rolu, Keyfiyyət İdarəetmə Sistemi, keyfiyyət standartları və onların tətbiqi və s. barədə məlumatlandırılıb, mövzu ilə bağlı sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq keçirilən "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsinin məqsədi sənaye müəssisələrinin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.

azertag.az