Ağsu rayonunda taxıl biçini kampaniyasına hazırlıq işləri başa çatdırılıb.
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, ötən payızda cari ilin məhsulu üçün 34 min 876 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 15 min 359 hektarı buğda, 19 min 517 hektarı arpadır. Son günlər havaların isti keçməsi artıq arpa sahələrinin yetişməsinə imkan verib. Bu günlərdə biçin kampaniyasına başlanılacaq.
Qeyd edək ki, məhsul yığımında iştirak edəcək 55 kombayn hazır vəziyyətdədir. Bu kombaynlardan 27-si “Aqrolizinq” ASC Qobustan regional mərkəzinin Ağsu nümayəndəliyinə, 20-si sahibkarlara, qalanı isə lizinqə məxsusdur. Taxılın daha gec yetişəcəyi dağlıq bölgələrindən də əlavə 30 kombayn gətiriləcək.
Ümumiyyətlə, ərzaq təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, rayonun aqrar sektorunda aparıcı sahələrdən olan taxılçılığın inkişafı son illər xüsusi diqqət mərkəzindədir. Hazırda yetişdirilən məhsulun optimal müddətdə və itkisiz toplanması üçün bütün qüvvələr səfərbər edilib.
azertag.az