Lyublyanada dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
24.5.2016

Mayın 23-də Sloveniyanın paytaxtı Lyublyana şəhərinin Şimali Şəhər Parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib.

Mərasimdə Sloveniyada səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri, qədim Nizami torpağı Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov və səfirliyin əməkdaşları, Sloveniya parlamentinin yuxarı palatasının (Milli Şura) sədri Mitya Bervar, Lyublyana şəhərinin merinin birinci müavini Aleş Çerin, yerli ictimaiyyətin nümayəndələri və şəhərin sakinləri iştirak ediblər.

Tədbirin giriş hissəsində ibtidai sinif şagirdlərindən təşkil olunmuş uşaq yaradıcılıq qrupları rəngarəng proqramla çıxış ediblər. Proqramda şeirlər, mahnılar ifadə edilib, uşaq nağıllarından səhnəciklər təqdim olunub. Sonra Müslüm Maqomayev adında Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasovun başçılıq etdiyi musiqi heyəti Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervar və Lyublyana şəhərinin merinin birinci müavini Aleş Çerin tədbirin açılışında çıxış ediblər. A. Çerin çıxışında Şimali Şəhər Parkının dünya ədəbiyyatı və maariflənmə ilə sıx bağlı bir məkan olduğunu bildirib. Qeyd edilib ki, burada yerləşən “Kitab oxuyan qız” abidəsi ətrafında hər il “Dünyanın birləşmiş böyüyən kitabları” layihəsi həyata keçirilir. Layihənin maraqlı cəhəti ondan ibarətdir ki, hər il tədris ilinin sonuna yaxın uşaq və yeniyetmələr arasında mütaliəyə maraq oyatmaq və kitablara sevgi aşılamaq məqsədilə həmin abidənin yenidən açılışı olur və bu zaman abidə bir qədər də “böyümüş” olur. Çünki onun postamentinə hər il maariflənmə, təhsil, oxu mədəniyyəti və tolerantlığı təbliğ edən deviz və fikirlər əlavə edilir. Abidə böyüdüyü kimi, gənc oxucular da oxuduqları kitablarla bərabər və onların sayəsində böyüyür, zənginləşir və yetkin insana çevrilirlər.

A.Çerin bildirib ki, 2010-cu ildə UNESCO tərəfindən “Dünya kitab paytaxtı” elan edilmiş Lyublyana şəhərində dünya ədəbiyyatına ölməz əsərlər bəxş etmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı qürurverici hadisədir. O, şəhər meriyası adından Azərbaycan tərəfinə abidənin açılışı üçün göstərilən dəstəyə görə minnətdarlıq edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qədim Nizami yurdu olan Gəncənin sakinləri və bütün Azərbaycan xalqının sloven xalqına salamlarını çatdırıb, bu təqdirəlayiq addıma görə minnətdarlıq edib. O qeyd edib ki, dahi Nizami Gəncəvinin əsərlərinin əlyazmaları bu gün dünyanın 20-dən artıq şəhərində nadir kolleksiyalar bölümündə qorunub saxlanılır və bir çox şəhərlərdə (Roma, Sankt-Peterburq, Təbriz, Pekin və s.) Nizami Gəncəvinin abidəsi ucaldılıb. Bu gün həmin şəhərlərin sırasına Lyublyana şəhərinin də qoşulması müsbət hadisə kimi dəyərləndirilməlidir və bu, iki xalq arasındakı dostluq əlaqələrini bundan sonra daha da dərinləşdirəcək.

Azərbaycanlı iş adamı Artur Abdinov çıxışı zamanı Nizami Gəncəvinin adının Avropada daha bir şəhərdə əbədiləşdirilməsindən bir azərbaycanlı kimi fəxarət hissi keçirdiyini, xaricdə yaşayan azərbaycanlı iş adamlarının gələcəkdə bu kimi layihələrə qoşulmalı olduğunu qeyd edib.

Lyublyana şəhərinin meriyasına üzərində Nizami Gəncəvinin və onun əsərlərindən motivlərin əks olunduğu Azərbaycan xalçası hədiyyə edilib. Tədbir musiqili proqramla yekunlaşıb.

Abidənin müəllifi Ukraynanın Xalq Rəssamı, heykəltəraş və memar Seyfəddin Qurbanovdur.

azertag.az