Musiqili Teatrda “999-cu gecə”
24.5.2016

Mayın 25-26-da Azərbaycan Dövlət Musiqili Teatrında 106-cı teatr mövsümünün növbəti premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən  bildirilib ki, yeni səhnə əsəri “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasıdır.

Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayevadır. Əsas rolları Əməkdar Artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər. Gözlənilməz hadisələrlə zəngin səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər mərtəbə rəmzi mənaya malikdir.

Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletinin musiqisindən, habelə məşhur mahnılarından istifadə olunub.

Tamaşa saat 19.00-da başlanacaq.

azertag.az