Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iki beynəlxalq tədbirə hazırlaşır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, mayın 27-də teatrın bir qrup heyəti Rusiyanın Orenburq vilayətində keçiriləcək “Qostinıy dvor” VIII Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün yola düşəcək. Kollektiv festivalda L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edəcək.
Quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları Əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər.
Məlumat üçün bildirək ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçiriləcək festivalda bir sıra ölkələrin teatr kollektivləri çıxış edəcək. Rusiyanın Mədəniyyət Nazirliyi, vilayət hakimiyyət orqanları və Rusiyanın Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən festivalın əsas missiyası beynəlxalq və bölgələrarası teatr əlaqələrinin bərpası və daha da möhkəmləndirilməsidir.
Mayın 28-də Dövlət Gənc Tamaşaçılar Teatrının daha bir heyəti isə Londona qastrol səfəri edəcək. “UMUD Ltd Company” şirkətinin dəvəti ilə reallaşacaq qastrol səfərində görkəmli dramaturq M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək. Xalq Artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər.
Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək.
Qeyd edək ki, Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti hazırda daha bir beynəlxalq teatr festivalında təmsil olunur. Moskva vilayətinin Lobnya şəhərində keçirilən “Rus klassikası” Beynəlxalq Teatr Festivalında ölkəmizi teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynov N.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edir.
azertag.az