Azərbaycanın bəzi dağ çaylarında qısamüddətli daşqınlar gözlənilir
29.6.2012

Azərbaycanın bəzi dağ çaylarında qısamüddətli daşqınlar gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti və proqnozlaşdırılan yağışların yağması nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında daşqınlar baş verə bilər. Kür çayında isə stabillik müşahidə edilir, sel təhlükəsi gözlənilmir.

A. Verdiyevin sözlərinə görə, iyunun 28-də günün ikinci yarısından başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın əksər çaylarında suyun səviyyəsi artıb. Kiçik Qafqazın Dəstəfurçay çayında suyun səviyyəsində 150, Gorançayda 48, Gəncəçayda 22, Kürəkçayda 4, Böyük Qafqazın Qusarçay çayında 3, Qudiyalçayda 4 santimetr artım müşahidə olunub. Qax rayonu ərazisindən axan Ağsuçay, Hamamçay, Kürmükçay çaylarından qısamüddətli daşqın, Gorançay (Goranboy rayonu) və Dəstəfurçaydan ( Daşkəsən rayonu) isə sel keçib.

APA