Musiqili Teatrın aktrisası beynəlxalq müsabiqədə üçüncü olub
24.5.2016

Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş SSRİ Xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova üçüncü yerə layiq görülüb.

Dövlət Musiqili Teatrından bildirilib ki, bu mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə iştirak edən Aydan Həsənova dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını ifa edib.

Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu”, Sverdlovsk Vilayəti Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayəti Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub. Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşadək gənclər iştirak ediblər.

Müsabiqə Rusiya Federasiyasının Yekaterinburq şəhərində - Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutub.

azertag.az