Gənclər arasında özünüməşğulluq və sahibkarlıq fəaliyyətinin təşviqi
24.5.2016

“Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyi “İcmalarda gənclərin özünüməşğulluq və sahibkarlıq bacarıqlarının artırılması" layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşır.

Birlikdən bildiriblər ki, layihənin əsas məqsədi Samux və Göygöl rayonlarında, hədəf seçilmiş icmalarda gənclərin özünüməşğulluq və sahibkarlıq bacarıqlarının artırılması ilə onların məşğulluq problemlərinin həllinə yardım etmək və kiçik biznesinin inkişafına yönələn təşəbbüslərə dəstək verməkdir.

Layihə çərçivəsində gənclərin özünüməşğulluq və sahibkarlıq fəaliyyətlərinə cəlbi ilə bağlı məlumatlandırma kampaniyaları keçiriləcək, icmalarda “Biznes təşəbbüsləri” təlim-məsləhət xidmətinin təşkili üçün resurslar formalaşdırılacaq, "Bizneslə tanışlıq" modulu üzrə təlim sessiyasının, “İKT-dən biznes fəaliyyətində istifadə” modulu üzrə seminarlar reallaşdırılacaq, “Biznesin aparılması”, ”Elektron xidmətlərdən istifadə” mövzularında məsləhət xidməti təşkil olunacaq.

Layihə fəaliyyətləri nəticəsində icmalarda 20 nəfər gənc birbaşa olaraq özünüməşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili ilə bağlı nəzəri biliklər və praktik vərdişlər əldə edəcək, İKT-dən praktik istifadə bacarıqlarını artıracaq. Eyni zamanda, 40 nəfərdən çox gənc özünüməşğulluq və sahibkarlıq fəaliyyətinin müxtəlif aspektləri, biznes təşəbbüslərin həyata keçirilməsi, biznesin aparılmasnda elektron xidmətlərdən istifadə ilə bağlı verilmiş məlumat-məsləhət xidmətindən faydalanacaq.

İcmalarda ən azı 4 nəfərin sahibkarliq subyekti yaratmaqla, 5 nəfərin isə sahibkarliq subyekti yaratmadan özünüməşğulluq fəaliyyəti vasitəsilə biznes təşəbbüslərinin həyata keçirməsi gözlənilir.

azertag.az