İraqın Azərbaycandakı səfiri Mədəniyyət və Turizm Nazirliyində olmuşdur
11.6.2011

İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, görüşdə nazir Əbülfəs Qarayev ölkələrimizin bir-birinə tarixi əlaqələrlə bağlı olduğunu, bu münasibətlərin qədimliyini vurğulamışdır.
Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak da ölkələrimiz arasında ticari və iqtisadi, mədəni təmasların gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Görüşdə, həmçinin iki ölkə arasında turizm sahəsində əlaqələrin fəallaşdırılması məqsədi ilə Anlaşma Memorandumunun imzalanması təklif olunmuşdur. Eyni zamanda, sözügedən sahədə danışıqlar aparılması və memorandumun imzalanması məqsədi ilə İraqın turizm və tarixi abidələr nazirinin cari ilin iyulunda Azərbaycana səfərinin planlaşdırılması müzakirə olunmuşdur.
Daha sonra tərəflər Bakı ilə Nəcəf arasında çarter reyslərinin açılması, iraqlı turistlərin Azərbaycana gəlməsinin təşviq olunması, regional, qlobal və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparmışlar.