Prezident İlham Əliyev Qara Qarayev adına məktəbinin açılışında iştirak etmişdir
20.9.2011

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti musiqi məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 1937-ci ildə yaradılmış 8 nömrəli musiqi məktəbi 2 min 580 kvadratmetr sahədə yerləşir. 1963-cü ildə bu binaya köçən musiqi məktəbinə 1989-cu ildə dünya şöhrətli bəstəkar Qara Qarayevin adı verilmişdir. Musiqi məktəbinin fəaliyyət göstərdiyi bina yararsız vəziyyətə düşdüyündən ötən ilin mayında burada yenidənqurma işlərinə başlanılmışdır.
  Məktəbin foyesində dahi bəstəkarın barelyefi yaradılmışdır. Foyedə quraşdırılmış lövhələrdə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların şəkilləri yer almışdır. Prezident İlham Əliyev dördmərtəbəli binanın birinci mərtəbəsində yaradılmış muzeylə tanış oldu. Dövlətimizin başçısı konsert zalında Prezident təqaüdçüsü Nərgiz Hüseynovanın ifasında Qara Qarayevin əsərlərini dinlədi.
Bildirildi ki, məktəbdəki yeniliklərdən biri də burada səsyazma studiyasının qurulmasıdır. Bundan başqa, burada yeməkxana və tibb məntəqəsi də yaradılmışdır. Zirzəmidə dekorasiya və səhnə geyimləri üçün anbar və musiqi alətləri üçün emalatxana vardır.