Siqaret çəkənlərin bu zərərli və təhlükəli vərdişi tərgitmələri çətin işdir. Çoxları siqareti atmaq istəsələr də, bacarmırlar. Yeni peyvənd onların dadına çata bilər.
GoMap.Az "Science Translational Medicine"ə istinadən bildirir ki, amerikalı alimlərin hazırladıqları peyvənd siqaret çəkən adamın bədənində antikorlar yaradır və bu antikorlar nikotinin beyinə yeriməsinin qarşısını alır.
Laboratoriyada heyvanlar üzərində aparılmış sınaqlar peyvəndin orqanizmdə nikotinin miqdarını 85 faiz azaltdığını göstərib.
Nyu-York şəhərindəki "Weill Cornell Medical College"in professoru, araşdırma qrupunun rəhbəri Ronald Kristallın dediyinə görə, peyvənd hələlik insanlar üzərində sınanmayıb: "Buna rəğmən, uğurlu nəticəyə qətiyyən şübhə etmirəm. Alimlər indiyədək orqanizmdə nikotinə qarşı antikorların sərbəst ayrılmasına nail olmaq istəyirdilər. Lakin lazımi miqdarda antikor əldə etmək mümkün olmurdu. Bizim peyvənd isə problemi birdəfəlik həll edir".
Peyvənd gen terapiyası vasitəsilə alınıb. Tərkibində antikorların istehsalı üçün "təlimat" olan, genetik modifikasiyaya məruz qalmış virus qaraciyərə yeridilib və nəticədə qaraciyər nikotinə qarşı antikorların "istehsal mərkəzi"nə çevrilib.
Milli.Az