Şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hər il qeydə alınan ölüm hallarının 5 faizi şəkərli diabet nəticəsində baş verir. Ona görə də bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın müasir problemləri” mövzusunda keçirilən elmi-praktik konfransda bu barədə danışılıb.
Konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova muxtar respublikada səhiyyə sisteminin inkişafından, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsindən, infrastrukturun yenidən qurulmasına dövlət qayğısından danışaraq bildirib ki, hazırda belə müəssisələrin bilikli tibbi kadrlarla təmin olunması prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır. Həkimlərin peşə bacarığının yüksəldilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün tanınmış xəstəxana və klinikaların iş təcrübəsindən istifadə olunur. Bu gün inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində, ondan faydalanmaqda elmi-praktik konfransların mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, bu işə ciddi diqqət yetirilir. Hər il Bakıdan gələn yüksəkixtisaslı həkimlər yerli həkimlərlə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparır, rayonlarda bu qəbildən olan xəstələrə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.
Elmi-praktik konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərovun sədrliyi ilə işini davam etdirib.
“Bakı” klinikasının həkim-endokrinoloqu Rauf Cabbarov “Şəkərli diabet və onun müalicə prinsipləri” mövzusunda çıxış edib. Bakı Şəhər Mərkəzi Dənizçilər Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Nazim Rüstəmovun “Diabetik neyropatiyanın diaqnostikası və müasir müalicə prinsipləri”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın “Şəkərli diabet və hamiləlik”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin bölmə müdiri, həkim-endokrinoloq Gülşən Həsənquliyevanın “Diabetik xəstələrin müalicə prosesi” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verilib.
Konfransda bildirilib ki, muxtar respublikada görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Bu aparatlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Endokrinologiya şöbəsində qeydiyyatda duran hər bir xəstəyə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda, aparatla qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur.
Muxtar respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, pediatr, nevroloq, cərrah, ginekoloqların, rezidentlərin və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, suallar cavablandırılıb, tədbir iştirakçılarına kitabça və bülletenlər paylanılıb.
azertag.az