Mayın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların və gənc tədqiqatçıların XX respublika elmi konfransı öz işinə başlayıb.
Mərasimdə akademiklər, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirin əhəmiyyətini qeyd edib. Bildirilib ki, hər il ənənəvi təşkil edilən konfrans bu dəfə “Multikulturalizm ili” çərçivəsində keçirilir və ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib. Konfrans imkan verir ki, gənclər yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşsünlər, elmi biliklərini daha da zənginləşdirsinlər.
Təhsil nazirinin müavini Ceyhun Bayramov təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını söyləyib.
C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib. Təhsil alanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb.
Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən söz açan nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qarşıya qoyduğu strateji istiqamət və hədəflərin Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirdiyini bildirib. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır.
C.Bayramov Təhsil Nazirliyi tərəfindən elm və təhsilin gələcək inkişafı üçün nəzərdə tutulmuş vacib tədbirləri diqqətə çatdırıb, gənclərin potensialının tam realizə edilməsinə imkan verən təhsil mühitinin yaradılmasının zəruriliyini vurğulayıb. Bu baxımdan gənclərimizin yüksək intellektə malik hissəsi xüsusi qayğı ilə əhatə olunur və onların özlərini təsdiqləmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. İntellektual potensialın qorunması məqsədilə yüksək ixtisaslı kadrların fasiləsiz hazırlanması prosesi həm respublikamızın, həm də xarici ölkələrin ən nüfuzlu universitetlərində həyata keçirilir.
Nazir müavini bildirib ki, “Thomson Reuters” agentliyinin bazasına daxil olan jurnalların elmi ictimaiyyət arasındakı nüfuzunu nəzərə alaraq, eləcə də Azərbaycan alimləri və doktorantları üçün bu bazadan istifadə etmək imkanını yaratmaq və alimlərimizin elmi fəaliyyətinə dair elmimetrik göstəriciləri əldə etmək məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters” agentliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, ölkəmizin 40 ali təhsil müəssisəsinə abunə vasitəsilə bu agentliyin məhsul və xidmətlərinə, eləcə də “Web of Science” platformasının bazasına çıxış imkanı yaradılıb. Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters”in bazasına daxil olan jurnallarda çap edilmiş elmi əsərlərə görə hər ilin sonunda müəlliflərin mükafatlandırması üçün müsabiqə keçirməyi nəzərdə tutur.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov gənclərin elmi tədqiqatlara cəlb edilməsinin vacibliyini vurğulayıb, son illərdə bu istiqamətdə təqdirəlayiq addımların atıldığını bildirib.
İki gün davam edəcək kоnfransa 20 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasindan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb.
Konfransın materialları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilib.
Məruzələr ADNSU tərəfindən nəşr olunaraq iştirakçıların istifadəsinə veriləcək.
Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib.
azertag.az