Gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsinin yekun konserti olacaq
25.5.2016

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Beynəlxalq Muğam Mərkəzində gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsinin yekun konserti keçiriləcək.

Nazirlikdən bildiriliblər ki, müsabiqənin təşkilində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi, həmçinin milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.

Gənc kamança ifaçılarının I respublika müsabiqəsinin birinci turu apreldə zonalar üzrə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Ağcabədi, Goranboy rayonlarında, ikinci turu isə mayın əvvəlində Ağdaş şəhərində keçirilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Arif Əsədullayevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 150 gənc kamança ifaçısının çıxışını qiymətləndirib.

Münsiflər heyətinin qərarına əsasən Bakı, Gəncə, Şəki, Şirvan şəhər, Ağdaş, Ağstafa, Füzuli, Goranboy, Kürdəmir, Oğuz, Samux, Siyəzən, Şəmkir, Şuşa rayon uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, fəxri fərmanlarına və pul mükafatlarına layiq görülüblər.

azertag.az