AZAL dünəndən Bakı-Split çarter aviareysi açıb
2.7.2012

Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Split (Xorvatiya) marşrutu üzrə birbaşa çarter aviareyslərinə başlayıb.

AZAL-dan verilən məlumata görə, Bakı-Split aviareysi üzrə birbaşa sərnişin aviareysləri iyulun 1-dən etibarən yerinə yetirilir: «Azərbaycan paytaxtından Splitə uçuşlar hər 10 gündən bir həyata keçiriləcək və ümumən Bakı-Split aviareysi 7 dəfə yerinə yetiriləcək. Belə ki, sözügedən marşrut üzrə ilk çarter reysi iyulun 1-də, digərləri isə müvafiq olaraq iyulun 10-da, 19-da, 28-də, avqustun 6-da, 15-də və 24-də «Airbus» tipli avialaynerlərlə həyata keçiriləcək».

«SW Travel» turizm şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Split şəhərinə iki nəfərlik 10 günlük turpaketin qiyməti hotelin ulduzlarından asılı olaraq təxminən 1 800-2 500 manat təşkil edir: «Bu qiymətə aviabilet, aeroportdan hotelə və əks istiqamətdə transfer, sığorta, hoteldə 9 gecə və 10 gün qalmaq və 1, 2 və hətta 3 dəfə yemək (hotellərin təklifindən asılı olaraq) daxildir».

Qeyd edək ki, Split Zaqrebdən (Xorvatiyanın paytaxtı) sonra ikinci ən iri kurort şəhəridir. Şəhər Balkan yarımadasında Adriatik dənizinin sahilində Zadar və Dubrovnik şəhərləri arasında yerləşir. Split əhalisinin sayı təxminən 225 min nəfər təşkil edir.

apa