Türkiyədə Kırşehir Kitab Sərgisi açılıb. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə Azərbaycan şair və yazıçılar da iştirak edirlər.
Sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti Kırşehir bələdiyyə başqanı Yaşar Bahçeçi ilə görüşüb.
Bələdiyyə başqanı kırşehirlilərin kitab sərgisinə marağından danışıb, ilk dəfə təşkil olunan bu kitab bayramının hər il keçiriləcəyini, həmçinin, Azərbaycan yazıçılarının kitablarının burda təqdim olunmasının ədəbi əlaqələrin qurulması baxımından faydalı olduğunu söyləyib.
AYB və Türkdilli Ölkələr Yazarlar Birliyinin rəhbəri, xalq yazıçısı Anar Azərbaycan miniatürləri əks olunan hədiyyəni bələdiyyə başqanına təqdim edib.
Söhbət əsnasında Kırşehir ziyalıları, yazıçıları ilə Azərbaycan yazıçılarının birgə tədbirlərinin Bakıda və Kırşehirdə görüşləri planlaşdırılıb.
Xalq yazıçısı Anar Azərbaycan və türk ədəbiyyatı haqqında geniş çıxış edib. Ortaq türk abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının bədii özəlliklərindən danışıb: "Hər zaman söyləyirəm ki, türk dünyasında ingilislərin Şekspiri səviyyəsində dramaturq, ispanların Servantesi, fransızların Balzakı, rusların Tolstoyu, Dostoyevskisi səviyyəsində romançılar yoxdur, amma bu saydığım millətlərin heç birində “Kitabi Dədə Qorqud” möhtəşəmliyində ədəbi abidə yoxdur".
report.az