İstinad indeksli jurnallarda dərc olunan məqalələrin sayı artıb
27.5.2016

Təhsil müəssisələrində çalışan alimlərin impakt-faktorlu jurnallarda 2011-ci ildə 242 məqaləsi, 2014-cü ildə 300 məqaləsi, 2015-ci ildə isə 604 məqaləsi dərc edilib.

Təhsil Nazirliyindən bildiriblər ki, son illər ölkəmizdə digər beynəlxalq elmi bazalarla yanaşı, dünyada intellektual informasiya üzrə ən iri aparıcı provayder olan “Thomson Reuters” agentliyinin xidmətlərindən geniş istifadə edilməsi üçün məqsədyönlü işlər aparılır.

Nazirliyin təşəbbüsü ilə “Thomson Reuters” şirkəti ilə ötən ilin dekabrında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi nazirliyin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları da Azərbaycan alimlərinin ixtiyarına verir.

Təhsil Nazirliyi “Thomson Reuters” bazasında olan jurnallarda çap edilmiş elmi əsərlərin keyfiyyət göstəricisinə görə müsabiqəsini keçirəcək. Müsabiqənin məqsədi ölkəmizin ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da genişləndirilməsidir.

Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiqlənmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək.

Müsabiqə riyaziyyat və texniki elmlər, fizika, kimya, biologiya, humanitar elmlər, iqtisadiyyat və idarəetmə, tibb elmləri istiqamətləri üzrə keçiriləcək.

İldə bir dəfə, təqvim ilinin sonunda təşkil ediləcək müsabiqə barədə Təhsil Nazirliyinin saytında ətraflı məlumat veriləcək.

azertag.az