Rusiyada Kino İli çərçivəsində ölkə kinematoqrafiyasının tarixinə həsr edilmiş çoxlu tədbirlər keçirilir. Təbii ki, bu tədbirlərdə həm Rusiyanın özünün, həm də vaxtilə Sovet İttifaqına daxil olan, indi müstəqillik əldə etmiş bütün dövlətlərin kino sənəti ilə bağlı məqamlara toxunulur. Belə hadisələrdən biri hazırda Moskvada fəaliyyət göstərən “Sovet kino tarixi kinoplakatlarda” sərgisidir. Sərginin bir pavilyonu müttəfiq respublikaların kinostudiyalarının retrospektivi üçün ayrılıb.
Sərgiyə gələnlərin demək olar ki, hər birinə uşaqlıq dövründən məlum olan, yaxşı tanıdıqları və sevdikləri yüzlərlə artistin adları burada yenidən yada düşür. Bu sərgi həm incəsənətin bir növü kimi kinoplakatın tarixi barədə söhbət açır, həm də artıq çoxdan bəri bizim ümumi mədəni kodumuzun tərkib hissəsinə çevrilmiş gözəl sovet filmlərini xatırlamağa məcbur edir.
Məşhur rus aktyoru Sergey Yurski deyir: “Bakı şəhəri vaxtılə məni xilas edib. Bunu heç vaxt unutmaram”. S.Yurskinin həyatının müəyyən dövründə heç bir kinostudiyada ona rol vermək istəmirdilər. Belə bir vaxtda bu artisti işlə təmin edən yeganə kinostudiya “Azərbaycanfilm” oldu. S.Yurskinin bu kinostudiyada çəkildiyi ilk ekran əsəri “Dərviş Parisi partladır” filmi olub”. Səmimi yumorla dolu bu film bütün İttifaqda tamaşaçıların rəğbətini qazandı. Yeri gəlmişkən, həmin film Azərbaycan dilinə dublyaj ediləndə S.Yurski öz qəhrəmanının rolunu özü səsləndirib: o, fransız ləhcəsi ilə Azərbaycan dilində yaxşı danışırdı.
Bundan sonra ona çoxlu başqa rollar, o cümlədən məşhur “Qorxma, mən səninləyəm” filmində rol verildi, Azərbaycanın şəhərlərində qastrol səfərlərində, tamaşalarda, solo konsertlərində iştirak edirdi. Aktyor teatr truppasının tərkibində ümummilli lider Heydər Əliyevin qəbulunda da olub. Sergey Yurski həmin görüşü indiyə qədər səmimi xatırlayır. “Dərviş Parisi partladır” filminə məşhur realist rəssam Aleksandr Brusilovun çəkdiyi kinoplakat Moskva sərgisində Azərbaycan kinostudiyasında çəkilmiş digər məşhur filmin – “Uşaqlığın son gecəsi” filminin afişası ilə yanaşı qoyulub. 60-cı illərin axırlarında Maqsud İbrahimbəyovun hekayəsi əsasında çəkilmiş, kamillik yaşı və şərəf mövzusuna həsr edilmiş bu filmə tamaşa etməyən az tapılar. Sonralar bu film beynəlxalq festivalda beş nominasiyada, o cümlədən ən yaxşı rejissor işinə, ən yaxşı kişi roluna və ən yaxşı musiqiyə görə (Polad Bülbüloğlu) mükafata layiq görülüb. “Uşaqlığın son gecəsi” filminin nümayiş etdirildiyi bütün kinoteatrlarda asılan afişa SSRİ-nin və Rusiyanın ən yaxşı rəssamlarından biri, görkəmli qrafika ustası Vasili Ostrovskinin kinoplakatının surəti idi.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, Moskva kinoplakat sərgisinin ən güclü cəhəti ondan ibarətdir ki, bu sərgiyə tamaşa edəndən sonra sovet kinosuna baxmaq istəyirsən. Bu, çoxdan tanış olan filmlərə də aiddir, indiyə qədər görmədiyin kinolara da. Deputat deyir: “Kino bizim irsimizdir, SSRİ xalqları arasında dostluq, qarşılıqlı dəstək, hörmət və səmimiyyət kimi ən yaxşı münasibətlərin konsentrasiyasıdır. Rusiya və Azərbaycan bu əlaqələri qoruyub saxlaya bilib. Təəssüf ki, bəzi başqa ölkələrlə bu cür sıx və səmimi əlaqələr itirilib. Lakin bu heç də o demək deyil ki, həmin əlaqələr daha bərpa edilə bilməz. Axı bizim hamımız üçün ortaq dəyərlərə, məsələn sovet kinosuna sevgi hissi qaldıqca biz eyni dalğada qalacağıq”.
azertag.az