Azərbaycanın nəşr etdiyi marka İtaliyada "Ayın ən orijinal markası" seçilib
27.5.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” MMC tərəfindən nəşr edilən “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı marka İtaliyada “Ayın ən orijinal markası” seçilib.

Nazirlikdən verilən məlumata görə, qalib "L'arte del francobollo" jurnalının "UNIFICATO" adlı "Facebook" səhifəsində şəbəkə istifadəçiləri tərəfindən aparılan səsvermə nəticəsində müəyyənləşib.

“Aprel 2011 - aprel 2016: incəsənətin çapı ilə 5 il” adı altında redaksiya tərəfindən sosial şəbəkədə aparılan müsabiqə zamanı əsas meyarlar ən keyfiyyətli və orijinal markanın müəyyən edilməsi ilə bağlı olub.

Səsvermənin nəticələri ilk olaraq jurnalın “Facebook” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, 10 sentyabr - 5 oktyabr 2015-ci il tarixlərində Bakıda keçirilmiş Şahmat üzrə Dünya Kuboku yarışlarına həsr olunan markanın “Ayın ən orijinal markası” seçilməsi ilə bağlı məqalənin tam mətni “UNIFICATO” səhifəsi ilə yanaşı, jurnalın aprel sayında (l'arte del francobollo 57 aprile 2016) da yer alıb.

Məqalədə markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və Dünya Kubokuna ev sahibliyi edən Qız Qalasının ətrafında dünyanın digər tarixi abidələri - İtaliyanın Piza qülləsi, Fransanın Eyfel qülləsi, Londonun Biq Beni, Rusiyanın Kreml qülləsi, Hindistanın Ranqanatxi məbədi, ABŞ-ın Azadlıq heykəlinin yer alması da vurğulanır.

Məlumat üçün bildirək ki, “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı markanın rəssamı Xasay Mirzəyevdir. Ofset üsulu ilə çap edilmiş markanın tirajı 5 min olub.

report.az