Xüsusi qayğıya ehtiyacı olan uşaqlar “İşləməyən dişləməz” adlı səhnə əsərini nümayiş etdiriblər
31.5.2016

Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar bayram tədbiri ilə tamaşaçıların qarşısında çıxış ediblər.

Gəncə Dövlət Dram Teatrında keçirilən tədbirdə onlara Gəncə Uşaq Evinin, şəhər İncəsənət Məktəbinin və SOS Uşaq Kəndinin uşaqları da qoşulublar.

Uşaqlar “Zəhmət dastanı” hekayəsi əsasında “İşləməyən dişləməz” adlı səhnə əsərini nümayiş etdiriblər. Quruluşçu rejissor, Əməkdar Artist Faiq Qasımov, quruluşçu rəssam Ülkər Əsgərova, musiqi tərtibatçısı Elşən Cəfərov və xüsusi qayğıya ehtiyacı olan 9 balaca aktyorun əməyi nəticəsində ərsəyə gələn tamaşa qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə UAFA Gəncə İƏRM-in “Bakcell” layihəsindən bəhrələnən idmançılar da iştirak edib, nümunəvi çıxışları ilə maraqlı idman nömrələri göstəriblər.

Gəncə Uşaq Evinin, Uşaq Yaradıcılıq Mərkəzinin, İncəsənət Məktəbinin fəalları əyləncəli mahnı və rəqs ifaları ilə şənliyə rəng qatıblar.

Sonda bayram tədbirində iştirak edən hər bir uşağa rəngbərəng şarların hədiyyə edilməsi balacaların sevincinə səbəb olub.

azertag.az