​Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır
31.5.2016

Sabah Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas-2016") sərgisi və VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji ("Caspian Power-2016") sərgisi başlayacaq. Sərgilər iyunun 4-də başa çatacaq.

Sərgi ilə bağlı bu gün keçirilən mətbuat konfransında tədbirin əsas təşkilatçısı olan "İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirib ki, bu il sərgidə 30 ölkənin 240 şirkəti iştirak edəcək. O qeyd edib ki, neft sektorunda baş verənlərə baxmayaraq sərgiyə maraq artıb.

Xəzər Neft və Qaz Sərgisinin meneceri Tofiq Kərimov bildirib ki, bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edəcək: "Öz növbəsində İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcək. Hər il “Caspian Oil&Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir".

Tədbirin sponsoru SOCAR, qızıl sponsorlar BP və “Petronas” şirkətləri, gümüş sponsorlar isə “Bos Shelf” şirkətləridir. Digər sponsorlar arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”, “Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri var.

"Caspian Power-2016" sərgisi “Xəzər neft və qaz, neft emalı və neft-kimya” (“Caspian Oil&Gas”) beynəlxalq sərgi-konfransı ilə eyni platformada keçiriləcək.

“Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Sərginin iştirakçıları arasında Belarus, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərgidə 6 ölkədən 30 şirkət iştirak edəcək. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, LED işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunacaq.
Sərgilərin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı nəzərə tutulub.

Qeyd edək ki, iyunun 2-3-də ənənəvi beynəlxalq Xəzər Neft-Qaz konfransı da keçiriləcək. Sərgilərin və konfransın təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.

report.az