İyulun 12-də Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov Bakıdakı Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcəkdir.
Хeyriyyə məqsədli konsertin tamaşaçıları musiqiçinin “After the Thunder” albomuna daxil olan mahnıların və Bakıda keçirilmiş 57-ci “Eurovision” mahnı müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olacaqlar.
Bakıdakı növbəti konsertinə hazırlaşan Emin Ağalarov demişdir: “Mən dünyanın bir çox şəhərlərində çıxış edirəm, lakin Bakıdakı konsertlər həyatımda həqiqətən də böyük əhəmiyyət daşıyır. Dörd ildir ki, ifalarıma heç kimin laqeyd qalmaması üçün əlimdən gələni edirəm”.
Konsertin biletləri artıq satışdadır.
AzərTAc