“Multikulturalizm uşaqların gözü ilə” mövzusunda tədbir təşkil olunub
31.5.2016

Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzi, Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, Mədəniyyət və Turizm Nazirliyi Şuşa rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm uşaqların gözü ilə” mövzusunda tədbir keçirilib.

Təhsil Nazirliyindən bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi insanlarda müxtəlif xalqların adət-ənənələrinə hörmət hissinin artırılması və onlar arasında mədəni körpünün yaradılmasıdır.

Tədbirdə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm İli” elan edilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə töhfələr verib.

Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 20 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işlərini və müxtəlif xalqların milli geyimlərini nümayiş etdiriblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

azertag.az