Gəncədə beynəlxalq layihə icra olunacaq
1.6.2016

“Gəncə 2016-Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi iyulun 8-dən 12-dək “Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi”adlı beynəlxalq layihə həyata keçirəcək.

Beynəlxalq layihə Avropa Birliyi, Şərqi Avropa və Qafqaz ölkələrindən olan gəncləri bir araya gətirməklə ölkəmizdə könüllülük mövzusunda Avropa təcrübəsinin öyrənilməsi ilə gənclərin bu işlərə daha geniş miqyasda təşviq edilməsi və könüllülük prinsipinin təkcə gənclər arasında deyil, eyni zamanda digər dövlət və qeyri dövlət strukturlarında tətbiqindən bəhs olunacaq.

Layihənin məqsədi Avropada “Könüllülük işi” sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və digər müəssisələrin könüllük sahəsində bu günədək əldə etdiyi təcrübənin Qafqaz regionunun gənclərinə aşılanması, əlavə olaraq “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində könüllülük işinin beynəlxalq səviyyədə inkişaf etdirilməsi və kampaniyanın avropalı gənclər arasında təbliğdir.

İcrasına başlanılan layihədə hazırda iştirakçıların seçimi həyata keçirilir. Təlimlərdə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Latviya və Rumıniyanı təmsil edən gənclər də iştirak edəcəklər.

azertag.az