Təhsil Nazirliyi və Asan Radio “ASAN məktəb” layihəsinə başlayır.
Nazirlikdən bildiriblər ki, layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat çatdırmaq, təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının bu qurumun məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdir.
“ASAN məktəb” verilişində təhsil sahəsi ilə bağlı müzakirələr aparılacaq, dinləyiciləri maraqlandıran suallara ətraflı cavab veriləcək.
“ADA” Universitetinin təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdalın aparıcılığı ilə həftədə bir dəfə yayımlanacaq verilişin ilk qonağı Təhsil Nazirliyi təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev olacaq. Verilişdə Azərbaycanda dərs ilinin müddətinin uzadılması və bununla bağlı dünya təcrübəsindən danışılacaq.
“ASAN məktəb” proqramı iyunun 1-də saat 15:00-da yayımlanacaq.
azertag.az