İyunun 1-də Azərbaycana səfər çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olub.
Qız Qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri, Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya nümayəndə heyətində böyük maraq doğurub.
Elektromobillərlə gəzinti zamanı Can Qaoliyə və nümayəndə heyətinin üzvlərinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən bu ərazidə həyata keçirilən təmir-bərpa və abadlıq işləri haqqında ətraflı məlumat verilib. İçərişəhər ərazisində dövlət tərəfindən mühafizə olunan müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələrinin yerləşdiyi qeyd olunub.
Kiçik Qala küçəsində gəzinti zamanı Can Qaoli təndir çörəyinin dadına baxıb.
Nümayəndə heyəti Şərq memarlığının şah əsərlərindən biri olan dünya əhəmiyyətli “Şirvanşahlar Sarayı Kompleksi” tarixi-memarlıq abidəsi ilə tanış olub.
İçərişəhərlə tanışlıq qonaqlarda böyük təəssürat yaradıb.
azertag.az