Gəncədə klassik Azərbaycan şairi, maarifçi-filosof Mirzə Şəfi Vazehin muzeyi yaradılacaq
2.6.2016

Gəncədə Şərq poeziyasının görkəmli nümayəndəsi, pedaqoq və maarifçi-filosof, Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm yer tutan Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını özündə əks etdirən muzey yaradılacaq.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə reallaşdırılması nəzərdə tutulan mədəni inkişaf layihələri haqqında məlumat verərkən deyib.

Hazırda muzeyin yaradılması istiqamətində hazırlıq işlərinin getdiyini bildirən Elmar Vəliyev vurğulayıb ki, 2014-cü ildə prezident İlham Əliyev “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Gəncə şəhərində bir sıra mühüm mədəni tədbirlər həyata keçirilib və şairin yubileyi qeyd edilib.

Elmar Vəliyev diqqətə çatdırıb ki, şairin ədəbi irsini, həyat və yaradıcılığının bütün mərhələlərini əks etdirən zəngin materialların toplanacağı muzey Gəncədə son illərdə istifadəyə veriləcək sayca 6-cı mədəni mərkəz olacaq.

Qeyd edək ki, son 5 ildə Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan muzey, “Qala” Arxeologiya və Etnoqrafiya, “Nizami Gəncəvi”, “Məhsəti Gəncəvi” muzey mərkəzlərinin hər biri üçün orijinal layihə əsasında müasir binalar tikilib, istifadəyə verilib. “Miniatür Kitab” Muzeyi isə şəhərin mərkəzində yeni binada fəaliyyətə başlayıb.

azertag.az