Tiflo və surdo şərhli cizgi filmlərinin təqdimatı keçirilib
2.6.2016

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 5 nömrəli respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud görmə, eşitmə və nitq qüsuru olan uşaqlar üçün tiflo və surdo şərhli “Kirpi balası və alma”, “Qız qalası əfsanəsi” və “Lovğa fil balası” cizgi filmlərinin təqdimatını keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin hazırladığı bu filmlərlə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən “Sehrli xalat” bədii filminin, “Bahar əyləncələri”, “Balaca çoban”, “Çətin məsələ”, “Mərhəmətin dadı”, “Talada ev”, “Təqib” və “Uçan zürafə” cizgi filmləri də Kino Xidməti tərəfindən təqdim olunub.

Kino Xidmətindən bildirilib ki, məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli keçirilməsi, cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi, onların informasiya alma imkanlarının genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti idarəsinin rəisi Gültəkin Nəriman uşaqları bayram münasibətilə təbrik edərək bildirib ki, dünyanın bir çox ölkələrində cəmiyyət bu cür insanlara xüsusi diqqət ayırır. Görmə imkanları məhdud, eləcə də nitq və eşitmə qüsurlu insanlar üçün böyük əhəmiyyət kəsb edən tiflo və surdo tərcümə ilə müşayiət olunan filmlərin hazırlanması vacibdir.

Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək belə filmlərin hazırlanmasının vacibliyini qeyd edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovu “Sərhədsiz incəsənət” layihəsində - görmə, eşitmə və nitq imkanları məhdud uşaqlar üçün tiflo və surdo tərcümə ilə müşayiət olunan filmlərin hazırlanmasında göstərdiyi diqqət və qayğıya görə fəxri fərmanla təltif edib.

Tədbirdə çıxış edən digər natiqlər bu işə dəstək verən hər bir kəsə minnətdarlıq ediblər. Qeyd olunub ki, bu nəcib işi davam etdirmək üçün digər dövlət qurumları da bu təşəbbüsə qoşulmalı, öz maddi və mənəvi dəstəyini “Sərhədsiz incəsənət” layihəsindən əsirgəməməlidirlər.

Sonda tiflo və surdo şərhlə müşayiət olunan “Lovğa fil balası” cizgi filmi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub.

azertag.az