“Facebook” şirkətinə məxsus olan “Instagram” foto xidməti istifadəçiləri daha çox foto və video yerləşdirməyə stimullaşdırmaq üçün onlara pul mükafatı ödəmək imkanlarını nəzərdən keçirir.
“Bloomberg” in verdiyi məlumata görə, “Facebook”un vitse-prezidenti Kerolin Everson bildirib ki, söhbət gəlirin bir hissəsinin idman hadisələri, ulduzların həyatı və başqa populyar mövzularda foto və video yayan istifadəçilərlə bölüşdürülməsindən gedir. O, hələlik bu məsələyə baxılmasının ilkin mərhələdə olduğunu söyləyib: “Kontent həm “Facebook”, həm də “Instagram” üçün vacibdir. Biz müəlliflərin də qazanmasına kömək edəcək müxtəlif üsullar fikirləşirik”.
Qeyd edək ki, “Facebook” özü də istifadəçilərin pul qazanması üçün variantlar axtarır. Bu variantlar arasında istifadəçilərin bəyəndikləri yazının müəllifinə birbaşa pul köçürməsinə imkan verəcək düymənin tətbiqi də var.
“Instagram” hazırda “Facebook”un inkişafının lokomotivi sayılır. 2016-cı ildə bu əlavənin gəlirinin 1,53 milyard dollar olacağı proqnozlaşdırılır ki, bu da sosial şəbəkənin gəlirlərinin 15%-i deməkdir.
lent.az