Rusiyadan Azərbaycana yeni aviareys açılıb
3.7.2012

Bu gün Yekaterinburq-Lənkəran-Yekaterinburq marşrutu üzrə birbaşa ilk aviareys həyata keçirilib. Rusiyanın «Ural Airlines» aviaşirkəti tərəfindən təşkil olunan uçuş zamanı səhər saat 06:35-də 97 sərnişinlə havaya qalxan «Airbus-320» tipli təyyarə saat 09:30-da Lənkəran Beynəlxalq Hava Limanına enib. Saat 10:55-də isə hava gəmisi 18 sərnişinlə yenidən havaya qalxıb və Yekaterinburqa yola düşüb.

Lənkəran Beynəlxalq Hava Limanının rəisi Anar Axundovun sözlərinə görə, Yekaterinburq-Lənkəran-Yekaterinburq marşrutu üzrə uçuşlar hər həftənin ikinci günləri həyata keçiriləcək. Biletin birtərəfli qiyməti 210 manatdır.

Qeyd edək ki, hazırda «Ural Airlines» aviaşirkəti Moskva-Bakı, Yekaterinburq-Bakı, Moskva-Gəncə, Sankt-Peterburq-Gəncə, Moskva-Lənkəran və Sankt-Peterburq-Lənkəran marşrutları üzrə də birbaşa uçuşlar təşkil edir. Hazırda həmçinin Rusiyanın «UTAir» aviaşirkəti də Lənkərandan Surquta birbaşa uçuşlar yerinə yetirilir.