Bakı Turizm Liseyində plov festivalı
3.6.2016

İyunun 2-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm Liseyində plov festivalı keçirilib.

Bakıda fəaliyyətə başlayan üçüncü beynəlxalq turizm filmləri festivalı çərçivəsində keçirilən bu festivalda qonaqlara Azərbaycanın əsasən 9 regionuna məxsus plovlar təqdim olunub.

Plov festivalının keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycan mətbəxini təbliğ etməkdən ibarətdir.

Qonaqlara Azərbaycanda təkcə plovun 200-ə yaxın növü olduğundan söhbət açılıb. Tarixən ölkəmizdə çəltikçiliyin geniş əkinindən, ölkəmizdə bişirilən məxsusi milli xörəklərdən də danışılıb. Bir-birinin ardınca Bakı, Şirvan, Quba, Gəncə, Şamaxı, Naxçıvan və Lənkəran plovları təqdim olunub.

Qonaqlar əvvəlcə “Qarabağ bülbülləri”nin oxuduqları “Qarabağ şikəstəsi”nin sədaları altında bu dilbər guşənin mətbəxini təmsil edən “Lobya-çilov plov”a qanaq edilib.

Tədbirdə iştirak edən Türkiyədən gəlmiş Bursa Böyükşəhər Bələdiyyəsinin mədəniyyət və turizm şöbəsinin müdiri Nur Çakır bildirib ki, belə tədbirlər xalaların daha yaxından tanınmasına xidmət edir.

Azərbaycanda ilk dəfə olduğunu söyləyən qonaq şəhərin gözəlliyini, insanların doğmalığını sevdiyini bildirib. Öz ölkəsində də plovun çoxlu çeşidləri olduğunu deyən N.Çakır Azərbaycan plovunun dünyada bənzəri olmadığını söyləyib.

Festivalın sonunda qonaqlara xüsusi disklər təqdim olunub. Bu disklərdə Azərbaycan mətbəxinin çeşidli növlərinin bişirilmə texnikası əks olunub.

azertag.az