İyunun 2-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan “Morelin ixtirası” kitabının təqdimat mərasimi keçirilib.
Tərcümə Mərkəzindən bildirilib ki, Argentinanın ölkəmizdəki səfiri Carlos Dante Riva Servantes Ədəbiyyat Mükafatı laureatı, ispandilli ədəbiyyatın məcrasını kökündən dəyişmiş Adolfo Bio Kasaresin “Morelin ixtirası” kitabının əhəmiyyətindən danışıb: “Həyatda bütün günlər önəmlidir, lakin insanlara yeni bir kitabı oxumaq imkanı verən günlər daha vədvericidir, çünki bu kitablarda təcəssüm olunan ideyalar müəllifdən xalqlara təsir etmək məqsədilə ötürülür. 1940-cı ildə bir argentinalı tərəfindən yazılmış əsəri bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əvəzolunmaz köməkliyi ilə bu ölkənin sakinlərinə öz ana dillərində təqdim etməkdən şərəf duyuruq”.
Kitabın müəllifi haqqında məlumat verən diplomat deyib: “Əsərin müəllifi Adolfo Bios Kasares 1914-cü ildə Buenos-Ayres şəhərində varlı bir ailədə anadan olub. Yazıçı axıcı, kübar və eyni zamanda sadə bir dildə, incə yumor hissi ilə yazıb-yaradıb. “Morelin ixtirası” müasir ədəbiyyatın klassik nümunəsi sayılır, boş bir adada cərəyan edən hadisələr birinci şəxsin dilindən nəql olunur”.
Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Azərbaycan ədəbiyyatının dünyada təbliği və dünya ədəbiyyatının ölkəmizdə tanıdılması sahəsində gördükləri işlərdən danışıb.
O deyib: “Dünyanın elə bir aparıcı ədəbiyyatı, elə bir önəmli əsəri olmayıb ki, mərkəz ona diqqət ayırmasın, tərcümə edib Azərbaycan oxucusuna çatdırmasın. Bu ədəbiyyatlar arasında Latın Amerikası ədəbiyyatı da həmişə önəmli yerlərdən birini tutub. Argentinanın ən məşhur qələm adamlarının – Xorxe Luis Borxes, Xulio Kortasar, Ernesto Sobato, Roberto Arlt, eləcə də indi adlarını xatırlatmadığım bir çox ədiblərinin əsərləri mərkəz tərəfindən hələ 90-cı illərdə Azərbaycan dilinə tərcümə edilib. “Argentina ədəbiyyatı, ilk növbədə intellektual ədəbiyyatdır. Bu ədəbiyyat insan düşüncəsi üçün yeni qatlar açır və açmağa davam edir. İndi oxuculara təqdim olunan bu əsər də öz unikallığı ilə fərqlənir. Mən Azərbaycan oxucusuna, ilk olaraq məhz bu əsərin təqdim olunmasını təklif edən səfirə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu kitab, Adolfo Bio Kasaresin Azərbaycanda işıq üzü görəcək əsərlərinin ilkidir”.
Milli Kitabxananın rəhbəri Kərim Tahirov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu layihə Azərbaycan oxucularının Argentina yazıçılarını daha yaxşı tanıması istiqamətində atılan mühüm addımdır.
Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Kərim Tahirov yeni kitabın tərcüməsinə görə oxucular adından mərkəzə minnətdarlığını bildirib.
azertag.az