Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın açılış mərasimində nitq söyləyib.
Dünya Azərbaycanlılarının IV Qurultayının açılışı münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu qurultayın soydaşlarımızın birləşməsi üçün mühüm addım olduğunu bildirdi. Dünya azərbaycanlılarının həmrəyliyinin hər zaman diqqət mərkəzində olduğunu deyən dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən danışdı. Ümummilli Liderin uzaqgörənliyi sayəsində hər il minlərlə gəncin SSRİ-nin müxtəlif şəhərlərinə göndərilərək ali məktəblərdə oxuduqlarını, bunun da sonrakı dövrdə diaspor fəaliyyətinə mühüm töhfə olduğunu deyən Prezident İlham Əliyev məhz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunduğunu, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğunun daha da sürətlə aparıldığını bildirdi. Hazırda dünyada 462 diaspor təşkilatının fəaliyyət göstərdiyini, diaspor qurumlarının daha da gücləndiyini deyən dövlətimizin başçısı nitqində gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşdü. “Azərbaycanlılar tarixi Vətənlə əlaqələri kəsməməlidirlər. Soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal olmalıdırlar”, - deyən Prezident İlham Əliyev diaspor təşkilatları arasında əlaqələndirmə işinin aparılmasının, birlik və həmrəyliyin əldə olunmasının vacibliyini vurğuladı.
Diaspor təşkilatları ilə dövlət orqanları, həmçinin səfirliklər arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən də danışdı, siyasi, iqtisadi və digər sahələrdə aparılan islahatların artıq öz bəhrələrini verdiyini dedi. Ölkəmizdə ictimai sabitliyin və iqtisadi inkişafın təmin edildiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın yürütdüyü xarici siyasətin də uğurlu olduğunu dedi, indi dünyada ölkəmizin 92 diplomatik nümayəndəliyinin və 62 səfirliyinin fəaliyyət göstərdiyini bildirdi. Dövlətimizin başçısı soydaşlarımızı yaşadıqları ölkələrdə yerli özünüidarəetmə orqanlarında və mətbuatda fəal olmağa çağırdı. Bunun Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrin ictimai dairələrinə çatdırılması baxımından əhəmiyyətli olduğunu dedi. Müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlərdən, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin keçmişi saxtalaşdırdıqlarını, qədim Azərbaycan toponimlərini dəyişdiklərini bildirdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalı soyqırımının törədildiyini diqqətə çatdırdı. Bu məsələdə informasiya mənbələrinin genişləndirilməsinin, diasporun internet və yazılı mətbuat resurslarından daha geniş yararlanaraq münaqişə ilə bağlı həqiqətlərin geniş miqyasda yaymasının zəruriliyinə toxunan dövlətimizin başçısı aprel döyüşlərində ermənilərin yalan informasiyaya əl atmaq niyyətlərinin puça çıxdığını, bu döyüşlərin Ermənistanın növbəti təxribatı olduğunu, Azərbaycan Ordusunun onlara layiqli cavab verərək düşməni yerində oturtduğunu bildirdi.
Prezident İlham Əliyev dedi ki, Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə yalan danışaraq bildirib ki, qondarma “Dağlıq Qarabağ ordusu” vəziyyətə nəzarət edir və Azərbaycan döyüşlərin dayandırılması ilə bağlı guya Rusiyadan xahiş edib. Bu iddianın tamamilə cəfəngiyata söykəndiyini deyən Prezident İlham Əliyev Dağlıq Qarabağın “ordusu”nun bir mif və ermənilərin beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün atdığı addım olduğunu konkret faktlarla əsaslandırdı. Əslində isə atəşkəsin bərpa edilməsi ilə bağlı Ermənistanın xahişi Rusiyanın baş qərargah rəisi və dövlət başçısı tərəfindən Azərbaycana təklif olunub.
İki gün davam edəcək Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay isə 2011-ci ildə keçirilib.
president.az