Azərbaycanlı gənc musiqiçilər Moskvada çıxış edirlər
6.6.2016

Rusiya paytaxtında XIII beynəlxalq “Moskva dostları qarşılayır” festivalı keçirilir. Festival iştirakçıları arasında Azərbaycanı təmsil edən üç gənc musiqiçi də var: Qara Qarayev adına Bakı Mərkəzi İncəsənət Məktəbinin şagirdi Orxan Hüseynov (violonçel), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Qəmərtac Maqsudova (qanun) və Canel Nəcəfli (skripka).

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu festivalın iştirakçılarına və təşkilatçılarına təbrik məktubu göndərib. Məktubda qeyd edilir ki, bu festival istedadlı gəncləri yaxınlaşdırır. Ölkələrin mədəni irsinin qorunub saxlanması həmin gənclərdən asılıdır. Məktubda deyilir: “Əminəm ki, bu görüş xalqlarımız arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun parlaq rəmzi olacaq”.

Festivalda Azərbaycan, Rusiya, digər MDB ölkələrini və Meksikanı təmsil edən 1500-dən çox istedadlı uşaq iştirak edir. İştirakçılara musiqi alətləri hədiyyə ediləcək. Festivalın proqramında konsertlərdən əlavə, ustad dərslər və sərgilər də nəzərdə tutulub.

azertag.az