Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Lənkəran rayonuna həsr olunacaq.
Nazirlikdən bildirilib ki, tədbir Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə iyunun 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Qeyd edək ki, teatrın foyesində Lənkəran rayonunun tarixi-mədəni irsini, bugünkü inkişafını, sosial-iqtisadi nailiyyətlərini, turizm imkanlarını əks etdirən sərgi nümayiş olunacaq, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri təqdim ediləcək.
Tədbirdə Lənkəran incəsənət ustalarının çıxışları dinləniləcək.
azertag.az