“Yandex” “Facebook”la danışıqlara başladı
6.6.2016

“Yandex” və “Facebook” arasında əməkdaşlığa dair danışıqlar başlayıb.

“Vedomosti”yə istinadən verilən xəbərə görə, hazırda danışıqlar erkən mərhələdədir. Tərəflərin “Yandex” xidmətlərinin birgə inkişaf etdirilməsi və iki şirkət arasında istifadəçilərin məlumatlarının mübadiləsi barədə müzakirə apardıqları bildirilir.

“Facebook”un aviabiletlərin, müxtəlif malların alınması, taksi xidməti və otellərin bron olunması kimi məsələlərlə maraqlandığı və “Yandex”in “Yandex.Afişa”, “Yandex.Taksi”, “Yandex.Market” kimi xidmətləri vasitəsilə bu işdə “Facebook”a kömək edə biləcəyi xəbər verilir.

Daha bir əməkdaşlıq istiqaməti istifadəçilərə yaxınlıqdakı mağazalarda, kafelərdə endirimlər haqda məlumat ötürülməsi sisteminin qurulmasıdır. Hələlik “Yandex” bu cür xidməti “Yandex.Moment” vasitəsilə eksperimental rejimdə göstərir.

Birgə layihənin baş tutması üçün tərəflərin “Facebook” səhifəsi ilə “Yandex.Pasport”u birləşdirməsi lazım gələcək.

Mobil platforması olmayan “Yandex” mobil mühitə girməkdə çox maraqlıdır və bu sahədə “Facebook”un imkanlarından yararlanmaq niyyətindədir.

lent.az