Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Bakıda və bölgələrdə maraqlı tamaşalarla çıxış edəcək
6.6.2016

Dərbənd Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti ölkəmizə qastrol səfərinə gəlib.

Qastrol çərçivəsində teatr Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara və Lənkəran şəhərlərində müxtəlif tamaşalarla çıxış edəcək.

Belə ki, iyunun 7-də teatrın yaradıcı heyəti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırladığı “Ac həriflər” tamaşasını təqdim edəcək. Janrı tragikomediya kimi təyin olunan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Ər-Toğrul, rejissor assistenti Hörmət Aslanov, quruluşçu rəssamı Naidə Əlimetova, musiqi tərtibatçısı Əməkdar Artist Sevda Bəybalayevadır.

Tamaşada əsas rolları teatrın aktyorları Mahir Məlikov, Canpolat Əliyev, Hörmət Aslanov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Mədinə Hacıağayeva, Səidə Əliyeva, Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Kəmalə Rzayeva və Rəhilə Ömərova ifa edəcəklər.

Tamaşa əsərdən fərqli şəkildə səhnələşdirildiyindən personajların adlarında dəyişikliklər edilib. Tamaşada hadisələr dəlixanada baş verir. Süjetin əsas xəttini keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir. Tamaşanın sonunda aydın olur ki, zaman və məkan dəyişsə də, insanlar batində dəyişməz qalıblar, dəyişən isə yalnız zahirləri, görünüşləridir.

azertag.az