Bakıda böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin ad gününü qeyd etmək üçün müxtəlif nəsillərin nümayəndələri iyunun 6-da şairin abidəsi qarşısına toplaşıblar.
Aleksandr Puşkinin ad günü təkcə Rusiyada qeyd olunmur. Bu il Puşkin poeziyası pərəstişkarlarının şairin anadan olmasının 217-ci ildönümünə həsr edilmiş ənənəvi görüşü Rusiya səfirliyinin və “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyinin iştirakı ilə Səbail Rayon İcra Hakimiyyəti, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi Respublika Cəmiyyəti tərəfindən təşkil edilib.
Abidənin qarşısına güllər qoyulub. “Sodrujestvo” Cəmiyyətinin sədri Tatyana Kərimova tədbiri giriş sözü ilə açıb. O bildirib ki, BMT 2010-cu ildə A.S.Puşkinin doğum gününü Rus Dili Günü elan edib.
“Nord” uşaq bağçasının yetirmələri, Bakı məktəblərinin və gimnaziyalarının şagirdləri şairin şeirlərini oxuyublar, əsərləri əsasında səhnəciklər göstəriblər.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Seyid Əzim Şirvaninin 1880-ci ildə Moskvada A.S.Puşkinin abidəsinin açılışı münasibətilə yazdığı şeirini oxuyub. Şirvani bu şeirində rus şairinin poetik irsinin Şərq və dünya xalqları üçün böyük əhəmiyyətini qeyd edib.
Dünyada adı belə ehtiramla çəkilən ikinci rus şairi yoxdur. Bunu dünyanın hər yerində - istər Afrikanın ucqarlarında, istərsə də Avropanın mərkəzində onun şərəfinə ucaldılan abidələr də təsdiq edir. Bu abidələrdən hər biri özünəməxsus şəkildə nadirdir.
Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev xatırladıb ki, Bakıda 2001-ci il oktyabrın 21-də şairin tunc heykəli ucaldılıb. Onun açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak edib.
Tarixdə böyük şairlərin sayı az deyil, amma həm uşaqlara, həm sevənlərə, həm fəhlə və ziyalılara, həm də müxtəlif millətlərin nümayəndələrinə eyni dərəcədə yaxın və başa düşülən şairlər çox azdır.
Bu gün Puşkinin şeirləri mövcud olan bütün dillərdə, hətta esperanto dilində səslənir. Amma hansı dildə olursa-olsun şairi hamı başa düşür, çünki o, məhəbbətdən, xeyirxahlıqdan və əbədi dəyərlərdən yazıb.
Azərbaycanda Puşkini XIX əsrin 20-30-cu illərindən tanıyırlar. Puşkinlə bu və ya digər dərəcədə bağlı olan heç bir hadisə diqqətdən kənarda qalmayıb. Şairin ölümünə dərhal münasibət bildirənlərdən biri Mirzə Fətəli Axundzadə olub. Onun “Şairin ölümü” şeirini rus dilinə Bestujev-Marlinski tərcümə edib. Puşkini Azərbaycan dilinə həm XIX əsrdə (Mirzə Kazım bəy, Firudin Köçərli), həm də XX əsrdə (Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm) tərcümə ediblər. Səməd Vurğunun tərcüməsində “Yevgeni Onegin” poeması ən yaxşı tərcümələrdən biri sayılır.
Azərbaycanın Mikayıl Rəfili, Məmməd Araz, Məmməd Arif, Əziz Şərif, Şıxəli Qurbanov kimi böyük tədqiqatçıları A.Puşkinin həyat və yaradıcılığından yazıblar.
Dahi Qara Qarayev şairin “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində”, Ağabacı Rzayeva “Oxuma gözəl” şeirlərinə romanslar bəstələyiblər.
azertag.az