Görkəmli tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun ədəbi-tənqidi və elmi-publisistik əsərləri özünün bənzərsiz ifadə tərzi ilə seçilir və sevilir. Elmi üslub üçün xarakterik olmayan bədii məziyyətlər, poetik düşüncə onun yaradıcılığında özünü bütün qabarıqlığı ilə büruzə verir. Frazeoloji birləşmələrdən və xalq danışıq dilindən yerli-yerində faydalanmaq, az sözlə bədii lövhə yaratmaq Qurban Bayramovun ədəbi düşüncəsinin keyfiyyət göstəricilərindən sayıla bilər.
Bu fikirlər iyunun 6-da Azərbaycan Yazıçılar Birliyində tanınmış tənqidçi Qurban Bayramovun 70 illik yubiley tədbirində səslənib.
Tədbiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı açaraq Qurban Bayramovun yaradıcılığından danışıb. Bildirib ki, o, ədəbiyyatı, onun mühüm hadisə və meyllərini çevik şəkildə, vaxtında izləməyi və qiymətləndirməyi bacaran tənqidçilərimizdəndir. Qurban Bayramov Səməd Vurğundan başlayaraq müasir dövrün bütün aparıcı ədəbi simaları barədə öz tənqidçi və ədəbiyyatşünas sözünü ustalıqla deməyi bacarıb.
Qeyd olunub ki, alimin hələ ötən əsrin 70-80-ci illərində çap etdirdiyi “Vurğun poeziyası, lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman)” kitabı böyük maraq doğurub. Tənqidçinin sonrakı dövrlərdə də bir sıra tədqiqatları, kitabları, məqalələri yeniliyinə görə ədəbi mühitdə maraqla qarşılanıb. Qurban Bayramovun “Yaşar Qarayev: milli yaddaş təlimi - azərbaycançılıq”, “Yaralı Vətənin yaralı övladları” bədii-publisistik əsərləri, “Müasir Azərbaycan poeziyasında üslubi meyllər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun: dünən, bu gün və sabah”, “M.H.Şəhriyarın poetik üslubu”, “Qarabağ ədəbi mühiti - uzaq keçmişdən bu günümüzə qədər” kimi tədqiqat işləri, “Xalq Yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” adlı monoqrafiyası, “2000-2008-ci illər Azərbaycan poeziyası”na həsr edilmiş icmalları ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Alimin dövri mətbuatda 300-dən çox ədəbi-tənqidi, elmi məqaləsi çap olunub. O, 70 illik ömrünün 45 ilini ədəbi yaradıcılığa həsr edib. Eyni zamanda, “Azərbaycan ədəbiyyatı tarixi” 7 cildliyinin müəlliflərindəndir.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, professorlar Ənvər Əhməd, Qəzənfər Kazımov, Nizaməddin Şəmsizadə, Asif Rüstəmov, vurğunşünas alim Aslan Salmansoy və başqaları Qurban Bayramovu müasir tənqid və ədəbiyyatşünaslığımızda geniş yaradıcılıq imkanlarına malik alim kimi səciyyələndiriblər.
Diqqətə çatdırılıb ki, müasir Azərbaycan ədəbiyyatının inkişafında, formalasmasında və təbliğində, eləcə də yüzlərlə istedadlı alimin üzə çıxmasında, onların ədəbiyyata, sənətə gəlməsində Qurban Bayramovun xidmətləri danılmazdı. İndinin özündə də o, ədəbi prosesin içindədir və yorulmaq bilmədən çalışır.
Sonda Qurban Bayramov tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib, yaradıcılıq planlarından danışıb.
azertag.az